SDU tələbələri STP Şirkətlər Qrupunda praktiki dərslərə cəlb olunublar
Sumqayıt Dövlət Universiteti (SDU) və STP Şirkətlər Qrupu arasında uğurlu əməkdaşlıq çərçivəsində tələbələrin sənaye mühitində praktiki biliklər əldə etməsinə yönəlmiş yeni mərhələ başlayıb. Bu təşəbbüs tələbələrin nəzəri biliklərini real istehsal mühitində tətbiq etmələrinə və əmək bazarına daha hazırlıqlı kadrlar kimi daxil olmalarına imkan yaradır. Layihə çərçivəsində SDU-nun “Elektrik və elektronika mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarında təhsil alan 20 tələbə hər həftə ASSAN STP Panel zavodunda praktiki dərslərə cəlb olunurlar. Dərslər “Sənaye əlaqəli mühəndislik təlimləri” (Industry-Connected Engineering Trainings – iCET) proqramı çərçivəsində təşkil olunur. Tələbələr praktiki dərslər zamanı müəssisənin istehsal sahəsində əldə etdikləri nəzəri bilikləri dərinləşdirir və təcrübədə tətbiq edirlər. Pilot layihə kimi həyata keçirilən bu təşəbbüs universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. STP Şirkətlər Qrupu və Sumqayıt Dövlət Universiteti gələcəkdə də bu kimi layihələr vasitəsilə gənc mühəndislərin təhsil və peşəkar inkişafına dəstək olmağı hədəfləyir. Bu əməkdaşlıq tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onların gələcək karyeralarına uğurlu başlanğıc etmələrinə töhfə verməyə davam edəcək.