SDU-nun kollektivi Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak edib
Xalqımızın zəngin milli-mənəvi dəyərlərinin, bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı Sumqayıtda xüsusi təntənə ilə qeyd edilib. Baharın gəlişinin sevincini bölüşmək üçün Sumqayıt Bulvarında möhtəşəm bayram tədbiri təşkil olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin rektor v.i.e. professor Əminağa Sadıqov başda olmaqla universitetin kollektivi iştirak ediblər. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bayram münasibətilə şəhər sakinlərini səmimi-qəlbdən təbrik edərək, Novruz tonqalını yandırıb. O, baharın ölkəmizə sülh, firavanlıq, xoşbəxtlik və rifah gətirməsini diləyib, Novruzun xalqımızın qədim tarixində oynadığı əhəmiyyətli roldan bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideallarını gerçəkləşdirərək, xalqımızın ən böyük arzusunu reallığa çevirib. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib və artıq biz həmin müqəddəs torpaqlarda Novruz bayramını qeyd edirik. Bayram tədbirində Dədə Qorqud və Bahar qızı öz xeyir-dualarını verərək, Novruzun xalqımıza ruzi-bərəkət, rifah və uğurlar gətirməsini arzulayıblar. Milli geyimli uşaqların şux rəqsləri, Kosa və Keçəlin şən zarafatları, eləcə də qədim xalq oyunları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İcra başçısı və iştirakçılar milli-mənəvi dəyərlərimizi əks etdirən səhnələrə, çoxsaylı bayram çadırlarına, el-şənliklərinə və milli geyimlərin, mətbəxin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.
Qeyd edək ki, Sumqayıt Dövlət Universiteti geniş tərkibdə təmsil olunaraq, Novruz bayramını əks etdirən stendləri geniş maraq doğurub. Bayram şənliyi iştirakçılara bayram ab-havası yaradıb.