Sumqayıt Dövlət Universitetində Novruz bayramı təntənəli şəkildə qeyd olunub
Novruz yeni ilin başlanğıcı və təbiətin canlanması ilə əlaqədar olaraq, həm təbiət, həm də insanlar üçün yeni bir dövrün başlanğıcını simvolizə edir. Bu bayramın tarixi əsrlər boyu davam edən dərin köklərə malikdir. Martın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) Novruz bayramına həsr olunan təntənəli tədbir keçirilib. Universitetin əsas binasının qarşısında təşkil olunan tədbirdə SDU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Rektor v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək Novruz bayramının gəlişi münasibətilə SDU kollektivini və tədbirə qatılmış qonaqları təbrik edib. O, Novruz bayramının tarixi, əsas xüsusiyyətləri, adət-ənənələri barədə ətraflı məlumat verib. Ulu Öndər Heydər Əliyevin, istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə, Azərbaycanda milli dəyərlərin inkişaf etdirilməsinə və Novruz bayramının ölkə miqyasında yüksək səviyyədə keçirilməsinə şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin milli dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətindəki siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətimizin başçısının məqsədyönlü və ardıcıl fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onun milli irsi beynəlxalq aləmdə daha geniş şəkildə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, BMT Baş Assambleyasının isə martın 21-ni Beynəlxalq Novruz Günü kimi təsis etməsi, milli dəyərlərimizin qlobal miqyasda qəbul edilməsinin parlaq göstəricisidir. Bu nailiyyətlərin əldə olunmasında isə mədəni irsimizin ən böyük qayğıkeşi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir. Ə. Sadıqov onu da qeyd edib ki, artıq Novruz bayramını suveren ölkənin vətəndaşları olaraq, böyük sevinc və qürurla qeyd edirik. Zəfərdən sonra işğaldan azad edilən doğma torpaqlarımızın hər yerində Novruz tonqallarının alovlanması, hər birimizdə dərin sevinc və fəxarət hissləri yaradır. Sonra Bahar qızının meydana daxil olması, Dədə Qorqudun müdrik kəlamları, Kosa və Keçəlin duzlu və məzəli söhbətləri şənliyi daha da maraqlı edib. Ardınca rektor v.i.e. professor Əminağa Sadıqov bayram tonqalını yandırıb, tələbələr tonqal ətrafında dövrə vuraraq "Yallı" rəqsini ifa ediblər. Novruz bayramına həsr olunan tədbirdə respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşı, tələbələrin ifalarında müxtəlif folklor nümunələri, xalq və bəstəkar mahnıları, müxtəlif ədəbi-bədii kompozisiyalar, o cümlədən “Arşın mal alan” kompozisiya, “Ruhani” saz havası ifa edilib. Tədbir universitetin “Səma” rəqs qrupunun ifasında maraqlı konsert proqramı ilə davam edib.