SDU –nun rektoru v.i.e. professor Əminağa Sadıqov Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun iclasında iştirak edib
Bakı Mühəndislik Universitetində (BMU) Texniki, texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun ilk iclası keçirilib. İclasda və bir sıra ali məktəblərin rektorları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin rektoru, v.i.e. professor Əminağa Sadıqov da iştirak edib. Qrupun həmsədri, BMU-nun rektoru Yaqub Piriyev çıxış edərək magistratura səviyyəsində müasir tələblərə cavab verən ixtisaslaşmanın vacibliyini vurğulayıb. O, həmçinin hər ali təhsil müəssisəsindən nümayəndə və tələbə, eləcə də əmək bazarında mütəxəssis daxil olmaqla, ixtisaslaşma üzrə siyahının təqdim olunmasını təklif edib. Bildirib ki, yaradılacaq işçi qrupu ixtisaslaşmalarını müəyyən edib, Elm və Təhsil Nazirliyinə təqdim edəcək. İclasda gündəlikdə duran məsələlər müzakirədən sonra səsə qoyulub və yekdilliklə qəbul olunub. Elm və Təhsil Nazirliyinin “Yeni təhsil proqramlarının hazırlanması” üzrə 25 fevral 2025-ci il tarixli ilk iclasının nəticələrinə əsasən müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verən kompetensiya əsaslı və tələbəyönümlü yeni təhsil proqramları layihəsini hazırlamaq üçün texniki, texnoloji və xüsusi təyinatlı ixtisaslar üzrə İşçi qrupun tərkibinin müəyyənləşdirilməsi və digər istiqamətlərdə addımlar atılmaqdadır. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli Qərarı ilə ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatı təsdiqlənib. Qərardan irəli gələrək yeni təhsil proqramlarının hazırlanması ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq “Komissiyanın yaradılması barədə” əmr imzalayıb. Əmrə əsasən, BMU-nun rektoru Yaqub Piriyev və STP Şirkətlər qrupunun icraçı direktoru Hicran Valehov Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar üzrə qrupun həmsədrləri təyin olunublar. Sonda iclas iştirakçıları BMU-nun yeni auditoriyaları, müasir laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.