SDU-da "Qadınların elmdə rolu" mövzusunda tədbir keçirilib
Martın 6-da Təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə “Qadınların elmdə rolu” mövzusunda tədbir təşkil olunub. Tələbə Elmi Cəmiyyətinin fakültə sədri Nübar Rəhimovanın maderatorluğu ilə keçirilən tədbirin açılışını fakültənin dekanı, dosent Rəşad Səlimov edib. O, çıxışında Azərbaycan qadınının elmə olan xüsusi marağını, zəngin mədəniyyətini və milli irsinə bağlılığını qeyd edərək, bu sahədəki nailiyyətlərini qeyd edib. Azərbaycanın müasir dövründə qadınların elm sahəsində daha çox fəallığının təşviq olunması və gender bərabərliyinin təmin olunmasının vacibliyini vurğulayıb. Sonra SDU-nun Tələbə Elmi Cəmiyyətinin qrup sədrlərinin hazırladığı qadın alimlər və onların elmə qatqıları haqqında video rolik təqdim edilib. Rolikdə Azərbaycanın qadın alimləri, xüsusilə müasir dövrdə öz sahələrində böyük uğurlar əldə edən alimlərimiz də əks olunub. Daha sonra Təbiət elmləri fakültəsinin tələbələrinin təqdimatında “Azərbaycan elmində qadın alimlərin keçmişi, bu günü, və gələcəyi” mövzusunda çıxışları dinlənilib. Tələbələrdən Rəqsanə Haqverdiyeva “Tarixdə iz qoyan azərbaycanlı qadın alimlər”, Leyla Tayıreva “Müasir dövrdə Azərbaycanın qadın alimləri”, Mətanət Nağılı “Qadınların elm dünyasında daha güclü iştirakı” mövzularında çıxış ediblər. Tədbirin sonunda fakültənin Kimya kafedrasının dosenti Gülzar Azadəliyeva və Fizika kafedrasının dosenti Aynur Həşimova Azərbaycan qadınının təbiət elmləri sahəsindəki uğurlarından bəhs ediblər.