“Emosional zəka, iş mühitində emosiyaların idarə edilməsi” mövzusunda təlim
Martın 4-də Sumqayıt Dövlət Universitetində Həmkarlar İttifaqı Komitəsinin və İnsan Kapitalının İdarəedilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə “Emosional zəka, iş mühitində emosiyaların idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlimi SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamlayıb, emosiyaların idarə edilməsinin şəxsi və peşəkar həyatda uğura nail olmaq üçün vacib olduğunu vurğulayıb. O, belə təlimlərin əməkdaşlar arasında sağlam iş mühiti yaratmağa kömək etdiyini qeyd edib. Sonra Elm və İnnovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Könül Abaslı çıxış edərək təlimin əhəmiyyətindən bəhs ediblər. Təlim spiker Fəridə Fərəcova tərəfindən aparılıb. Spiker çıxış edərək emosional zəkanın nə olduğunu, fərdin öz emosiyalarını tanıyıb idarə etmə və başqalarının emosiyalarını anlama bacarığını necə inkişaf etdirə biləcəyi haqqında məlumat verib. O, emosional zəkanın yalnız bir anlayış deyil, bir neçə bacarığın birləşməsi olduğunu və bu bacarıqların özünü dərketmə, özünü tənzimləmə, empatiya, motivasiya və sosial bacarıqlardan ibarət olduğunu vurğulayıb. Təlimdə sadalanan 5 komponent barədə təqdimatlar göstərilib, iştirakçılara dəyərlərin müəyyənləşdirilməsi, həmçinin onların emosional zəka səviyyələrinin ölçülməsi üçün tapşırıqlar verilib.