SDU-nun rəhbərliyi Sumqayıtda Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirində iştirak edib
Fevralın 26-da Sumqayıt şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Sumqayıt Dövlət Universitetinin (SDU) rəhbər şəxsləri, şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan xocalılılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştrakçıları Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşüb. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır soyqırım cinayətlərdən biridir. 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisasının alındığı, qanlarının yerdə qalmadığı vurğulanıb.