Xocalı soyqırımı qurbanlarının xatirəsi SDU-da yad edilib
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalı dərsləri” adlı tədbir keçirilib. Əvvəlcə professor-müəllim və tələbə heyəti universitetin inzibati binasının qarşısında torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş 19 SDU məzununun xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər düzüblər. Sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstünü ziyarət ediblər. Onlar daha sonra Xocalı soyqırımı ilə bağlı fotoşəkillərdən və sənədli materiallardan ibarət sərgiyə baxış keçiriblər. Tədbir universitetin akt zalında davam etdirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açılış nitqi ilə çıxış edən SDU-nun rektoru v.i.e. professor Əminağa Sadıqov bildirib ki, ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ə.Sadıqov onu da diqqətə çatdırıb ki, bu faciəyə ilk dəfə siyasi- hüquqi qiymət 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən verilmişdir. “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmiş, erməni terrorizminə qarşı effektiv addımların atılması barədə dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çağırış edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl, məqsədyönlü və çoxşaxəli uğurlu siyasəti nəticəsində artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələrin qəbul edildiyini bildirən professor Əminağa Sadıqov qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya yayılması və bu dəhşətli hadisəyə obyektiv qiymətin verilməsi baxımından Heydər Əliyev Fondu mühüm işlər görmüş, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çoxsaylı humanitar layihələr həyata keçirilmişdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası beynəlxalq aləmdə ciddi rezonans doğurmuşdur. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında Qarabağda aparılan “antiterror əməliyyat”ları zamanı həlak olan qəhrəmanlarımızın, həmçinin Xocalı faciəsi qurbanlarının döyüş meydanında qisasının alındığını vurğulayan Ə.Sadıqov həmkarlarını və tələbələri ölkəmizin daha da qüdrətlənməsi naminə ölkə başçısının ətrafında sıx birləşməyə və onun siyasətini əməli işlərlə dəstəkləməyə çağırıb. Tədbirdə Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonra SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək soyqırımı zamanı baş vermiş dəhşətlər və Xocalı sakinlərinin çətin anları, erməni işğalçılarının törətdiyi cinayətlər, həmçinin Azərbaycan xalqının qələbə uğrunda apardığı mücadilə barədə məlumat verib. Daha sonra SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyevin “Xocalı Soyqırımı əsrin faciəsidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi Ceyhun Qasımbəylinin “Xocalıya Qayıdış” və Xocalı sakini, Tarix və coğrafiya fakültəsinin V kurs tələbəsi Jalə Zamanovanın “Xocalı faciəsi haqqında eşitdiklərim” mövzusunda məruzələri dinlənilib.