SDU-nun “Adlı təqaüd”ə layiq görülmüş tələbələri ilə görüş keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü olan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə 300 AZN məbləğində “Adlı təqaüd” təqdim edilib. Mükafatçılar arasında Sumqayıt Dövlət Universitetinin (SDU) 4 tələbəsi – Ayşə Əmrahova, Jalə Məmmədova, Elnur Piriyev və Zeynəb Əliyeva da yer alıblar. Onları təbrik edən SDU-nun rektoru v.i.e. professor Əminağa Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil siyasətinin, ölkəmizin inkişaf strategiyasının əsas tərkib hissələrindən biri olaraq həyata keçirildiyini deyib və Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edib. O, Ümummilli Liderin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğını vurğulayaraq bu siyasətin elm və təhsil sahəsindəki müsbət nəticələrindən danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclərin sırasında özünün də olduğunu vurğulayıb. Əminağa Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın müddətinin 2022–2028-ci illərə qədər uzadıldığını vurğulayaraq, hər il yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını əlavə edib. O, çıxışının sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələri bir daha təbrik edərək onları hədiyyələrlə mükafatlandırıb. Qeyd edək ki, ATİAHİRK-in “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan tələbə-gənclərin təhsildəki inkişafına dəstək olmaq və eyni zamanda həmkarlar ittifaqı hərəkatında fəal iştirak etmələrini təşviq etməkdir.