Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib
Fevralın 19-da Sumqayıt Dövlət Universitetinin (SDU) Elmi Şurasının növbəti iclası keçirilib. Rektor v.i.e. professor Əminağa Sadıqov Elmi Şura üzvlərini salamlayıb, universitetin gələcək inkişafı üçün vacib məqamlara toxunub. Qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Sumqayıt Dövlət Universitetinə publik hüquqi şəxs statusu verilib. Bu əhəmiyyətli dəyişiklik universitetin fəaliyyətini daha səmərəli və məsuliyyətli şəkildə qurmağımızı tələb edir. Buna görə Elmi Şuraya çıxarılan bütün məsələlər kollegial şəkildə müzakirə olunmalı və qərar qəbul edilməlidir. Əminağa Sadıqov həmçinin SDU-nun gələcək inkişafının əsas prioritetlərindən birinin yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi olduğunu bildirərək, bu istiqamətdə ciddi səylərin göstərilməsinin vacibliyini qeyd edib. Sonra gündəlikdə duran məsələlər nəzərə çatdırılıb və təsdiq olunub. İclasda 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin müzakirəsi, İxtisas üzrə təcrübənin (pedaqoji) təşkili, keçirilməsi və qiymətləndirmə Qaydalarına dair Metodik vəsait, Subbakalavr səviyyəsindən SDU-ya qəbul olunan tələbələrin kreditlərinin tanınması, Sumqayıt Texnologiyalar Parkında (STP) tədrisin istehsalat yönümlü təşkili–Pilot layihəsinin həyata keçirilməsi barədə məlumatlar dinlənilib. Müzakirəyə çıxarılan məsələlər üzrə Şura üzvlərinin təklif və tövsiyələri nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib. İclas cari məsələlərin müzakirəsi ilə davam edib. İclasda Struktur dəyişikliyi ilə əlqədar olaraq Tədris Metodiki Mərkəzin yeni Əsasnaməsinin təsdiqi və Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi müzakirə edilib və təsdiqlənib.