Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
Yerləşdirilmə tarixi : 21 Fevral 2025 09:43
SDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
 
Fevralın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) Filologiya fakültəsinin Dil və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan “Azərbaycan dilinin saflığının qorunması: problemlər və həlli yolları” mövzusunda elmi-praktik seminar keçirilib. Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva çıxış edərək Azərbaycan dilinin inkişaf tarixindən bəhs edib, dilimizin keçdiyi inkişaf yoluna nəzər yetirib. Bildirib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi xidmətləri var. Günel Paşayeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində ana dilimizin daha geniş təbliği, tədrisi və qorunması istiqamətində fəaliyyətlərə diqqət artırmaq, suverenliyimizin bu vacib rəmzini gələcək nəsillərə ötürmək üçün mühüm addımlardan biri olduğunu qeyd edib. Dil və ədəbiyyat kafedrasının müdiri, dosent Böyükxanım Eminli Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən və qloballaşmanın, informasiya və texnologiyaların dilə təsirindən, dil siyasətinin əhəmiyyətindən bəhs etdikdən sonra məruzəçilərin çıxışları ilə tədbir davam edib. Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aytac Rüstəmli “Azərbaycan dilinə dövlət qayğısı”, SDU –nun Dil və ədəbiyyat kafedrasının dosenti Xəyalə Muğamat “Azərbaycan dilini beynəlmiləlləşdirmə”, baş müəllim Elnarə Əhmədova “Ana dilimizin qorunmasında Azərbaycan müəlliminin rolu” mövzularında məruzələri dinlənilib. Çıxışlardan sonra tələbələr əcnəbi dillərdən dilimizə keçmiş sözləri deyil, öz ana dilimizdə qarşılığı olan sözləri diqqətə çatdırıblar. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az