Fevralın 11- də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sumqayıt Dövlət Universiteti (SDU) və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının birgə iştirakı ilə 3 idman növü (şahmat, dama və stolüstü tennis) üzrə idman yarışlarına start verilib. Yarış universitetin İdman klubu və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Kitabxana İnformasiya Mərkəzində keçirilib. Yarışın açılışını universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov edib. O, komandalarda yer alan hər bir şəxsə uğurlar arzulayıb. Yarışa qatılan əməkdaşlar bacarıqlarını nümayiş etdirərək həm əyləncəli, həm də zəkalı bir mübarizəyə start veriblər. Yarış ilk olaraq şahmat üzrə keçirilib, yarışda 1-ci yerə Riyaziyyat, 2-ci yerə Filologiya, 3-cü yerə isə Tarix və coğrafiya fakültələrinin əməkdaşları layiq görülüblər. Qaliblər fəxri fərmanla təltif olunub. Qeyd edək ki, yarışlar fevral ayının 12-si və 13-ü müvafiq olaraq dama və stolüstü tennis üzrə davam edəcək.