Sumqayıt Dövlət Universitetində “Müştərək Dərs” layihəsi: Tələbələrə interaktiv tədris təcrübəsi
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsi mütəmadi olaraq “Müştərək dərs” layihəsini həyata keçirir. Fakültə müəllimləri bu layihə çərçivəsində həm universitetdaxili, həm də digər ali təhsil müəssisələrində çalışan müəllimlərlə əməkdaşlıq edərək fənnin məzmununa uyğun mövzuları birgə təqdim edirlər. 2024/2025-ci tədris ilinin payız semestrində fakültədə üç müştərək dərs keçirilmişdir. 28 oktyabr 2024-cü il tarixində Dil və ədəbiyyat kafedrasının baş müəllimi Elnarə Əhmədova və Xəzər Universitetinin filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərli tərəfindən “Azərbaycan dilinin tarixi morfologiyasında zərf” mövzusunda mühazirə keçirilib. Bu mühazirə tələbələrə Azərbaycan dilinin tarixi aspektlərini öyrənmək baxımından maraqlı bir təcrübə olmuşdur. 6 noyabr 2024-cü il tarixində həmin kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Məhərrəmova, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aytac Rüstəmli ilə birgə telekörpü formatında mühazirə təqdim etmişlər. A.Rüstəmli və ADU-nun tələbələri onlayn şəkildə qoşularaq mövzu ətrafında müzakirələr aparmış və fikir mübadiləsi etmişlər. 23 dekabr 2024-cü il tarixində Xarici dil müəllimliyi ixtisasının bir sıra qruplarında Xarici dillər kafedrasının professoru Nigar İsgəndərova, SDU-nun Tarix, coğrafiya və metodika kafedrasının dosenti Samirə Məmmədova ilə birgə “Amerika tarixi və Amerika ədəbiyyatının vəhdəti” mövzusunda ingilis dilində mühazirə təqdim etmişlər. Dərsdə əfqan əsilli Amerika yazıçısı Xalid Huseyninin məşhur əsərləri “Çərpələng uçuran” və “Min möhtəşəm günəş” də təhlil edilmişdir. Qeyd edək ki, 2024/2025-ci tədris ilinin yaz semestrində fakültənin Dil və ədəbiyyat kafedrasının dosenti İlahə Vəliyeva və Qarabağ Universitetinin dosenti Əzizağa Nəcəfov, həmçinin baş müəllim Aynurə Bağırova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mehdiyeva ilə müştərək dərslərin keçirilməsi nəzərdə tutulur.