Sumqayıt Dövlət Universiteti (SDU) təhsil və elmi tədqiqat sahəsində müasir tələblərə uyğun olaraq tələbələrin inkişafını dəstəkləmək və onları təlimlərə cəlb edilməsini təşviq edən bir çox layihə və proqramlar həyata keçirir. Universitet yerli və beynəlxalq əməkdaşlıq imkanlarından istifadə edərək tələbələrin müxtəlif sahələrdə təcrübə qazanmalarına şərait yaradır. Bu istiqamətdə SDU –nun Təbiət elmləri fakültəsinin magistrantları Hüseyn Abdullayev, Mirhüseyn Ağalarov 25-26 dekabr 2024-cü il tarixlərində Bakı Dövlət Universiteti (BDU), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və “Erasmus+Jean Monnet Module” layihəsinin birgə təşkilatçılığı ilə BDU-nun 105 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl və davamlı elm və tədris üzrə I BDU Məktəbi”nin təlimində iştirak ediblər. İngilis dilində iki gün davam edən təlimlərdə BDU və beynəlxalq təşkilatların aparıcı alim və təhsil mütəxəssisləri tərəfindən nanotexnologiya, davamlı kənd təsərrüfatı, dərman dizaynı və ekoloji təhlükəsizlik mövzularında elmi və maarifləndirici çıxışları dinlənilib. Təlimin sonunda magistrantlarımız sertifikata layiq görülüblər.