Dekabrın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı iclas keçirilib. İclasda universitet rəhbərliyi, müəllimlər və əməkdaşlar iştirak edib. İclasda Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış edərək imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil olunması və bu prosesin müvafiq normativ sənədlərə əsaslanaraq həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsinin əhəmiyyətinə toxunub və təhsil müəssisəsində rektorun müvafiq əmri ilə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradılması barədə məlumat verib. Daha sonra Tədris Metodiki Mərkəzinin (TMM) direktoru dosent Osman Hacıyev müəllim-koordinatorlar üçün təlimatla çıxış edərək imtahanların keçirilmə qaydalarını açıqlayıb. O, SDU-da mütəxəssis hazırlığının çoxprofilli olduğunu nəzərə alaraq imtahanların çoxnövlü (yazılı, şifahi, praktik tapşırıq, açıq tipli məntiqi, situativ, kompüter vasitəsilə onlayn rejimdə və s.) təşkil edildiyini, imtahanlara ayrılan müddətin 3 saat olduğunu qeyd edib. Tədris bölməsinin müdiri Sabir Behbudov imtahanların növbələri ilə bağlı məlumat verib. Sonda imtahan sessiyasına hazırlıqla bağlı müəllimlər və koordinatorlar tərəfindən verilən suallar cavablandırılıb.