Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində (SDU) “Təhsildə süni intellekt : Yeni dövrün təhsil alətləri” mövzusunda tədbir keçirilib. Tədbir Riyaziyyat və İnformatikanın tədrisi texnologiyası kafedrası tərəfindən təşkil olunub. Kafedranın dosenti Şəhla Hüseynzadə açılış nitqi ilə çıxış edərək, tədbirin məqsədindən və günümüzdə süni intellektin geniş yayılmasından bəhs edib. Tələbələri süni intellektin müsbət tərəflərindən yararlanmağa çağırıb. Riyaziyyat fakültəsinin tələbələri Rəhimə Əliməmmədova və İlahə Qədimovanın təqdimatında ABŞ-də yaşamış azərbaycanlı alim, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxs - Lütfi Zadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub. Tədbirin gedişatında robotla əyləncəli səhnəcik təşkil edilib. Daha sonra Riyaziyyat və informatikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Vüsalə Süleymanova “Təhsildə oyunlaşdırma : Kahoot ilə interaktiv və əyləncəli öyrənmə” mövzusunda çıxış edib. İştirakçılar Kahoot tətbiqi üzərindən aparılan interaktiv sorğuda iştirak ediblər. Sonda qaliblər mükafatlandırılıb, tədbirdə çıxış edən tələbələr isə sertifikatla təltif olunublar.