Dekabrın 18-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-nin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Kimya Mühəndisliyi Klubunun təşkilatçılığı ilə Yaşıl Kimya Hakatonu haqqında infossesiya keçirildi. UFAZ İctimaiyyətlə əlaqələr üzrə meneceri Xülya Sabirli çıxış edərək təmsil etdiyi müəssisənin fəaliyyəti və Yaşıl Kimya Hakaton haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 11-12 yanvar 2025-ci il tarixlərində baş tutacaq hakatonun məqsədi iştirakçıların yaşıl kimya sahəsində yaradıcı həllər tapmaq bacarıqlarını inkişaf etdirmək, innovativ layihələri təşviq etmək və ekoloji problemlərin həlli istiqamətində yeni ideyaları dəstəkləməkdir. Xülya Sabirli hakatonun keçirilməsinin iştirakçılarda bir sıra yumşaq bacarıqların, o cümlədən, yenilikçi və yaradıcı düşüncənin inkişaf etdirilməsi, komanda ilə işləmək, vaxtın idarə edilməsi kimi bacarıqların formalaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. Onu da diqqətə çatdırdı ki, hər bir iştirakçı sonda sertifikat əldə edəcək, qalib komandalar isə mükafatlar uğrunda mübarizə aparacaq. Sonra layihə ilə bağlı iştirakçıların sualları cavablandırıldı.