16 dekabr 2024-cü il tarixində Keyfiyyət təminatı və strategiya şöbəsinin Mühəndislik fakültəsinin tələbələri ilə görüşü baş tutub. Universitetin Elm və innovasiyalar üzrə prorektoru Elşad Abdullayevin də iştirak etdiyi bu görüş Keyfiyyət təminatı və strategiya şöbəsinin fəaliyyət istiqamətləri barədə təhsilalanları məlumatlandırmaq və onları maraqlandıran məsələləri müzakirə etmək məqsədilə təşkil olunub. Görüş zamanı Gülnar Cəfərova universitetin inkişafında təhsilalanların rolunun mühüm olduğunu vurğulayaraq, onlara daha keyfiyyətli təhsil xidmətlərinin təqdimi üçün rəhbərlik etdiyi şöbə tərəfindən həyata keçirilən tətbiqlərdən bəhs etdi. Bu çərçivədə sorğuların təşkili, müsahibə, müşahidə (açıq dərslər vasitəsilə), təkliflər qutusu, açıq qapı günləri kimi tətbiqlər barədə məlumatlar təhsilalanlara təqdim olundu. Sorğuların təşkilində təhsilalanların aktiv və obyektiv iştirakının zəruriliyinə diqqət çəkildi, daha əvvəlki sorğu nəticələri və bu nəticələrə müvafiq rəhbərlik tərəfindən atılmış addımlar iştirakçıların nəzərinə çatdırıldı. Görüş zamanı təhsilalanların müxtəlif məzmunlu sualları və təklifləri dinlənildi. Tələbələrin tədrisin təşkili və qiymətləndirmə ilə bağlı sualları Elm və innovasiyalar üzrə prorektor Elşad Abdullayev tərəfindən cavablandırıldı.