Dekabrın 17-də Sumqayıt Dövlət Universitetində “Su resurslarının səmərəli istifadəsi, su təsərrüfatında istifadə edilən müasir elmi tədqiqat metodları” mövzusunda görüş keçirilib. Görüşdə Su Meliorasiya Elmi Tədqiqat İnstitutunun (SMETİ), “Hakaton Azərbaycan” şirkətinin nümayəndələri ilə yanaşı, Kimya mühəndisliyi və ekologiya ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Əvvəlcə universitetin Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev açılış nitqi ilə çıxış edib. O, bu cür görüşlərin gənclərin ekoloji mövzularda biliklərini artırmaq üçün əhəmiyyətli olduğunu vurğulayıb. SMETİ-nin Doktorantura və gənc mütəxəssislərlə iş sektorunun müdiri Günay Dünyamalıyeva təqdimatla çıxış edərək Su Meliorasiya Elmi-Tədqiqat İnstitutunun fəaliyyətindən, elmi-tədqiqat istiqamətlərindən, beynəlxalq əməkdaşlıqlarından və icra etdikləri layihələrdən söz açıb. Sonra “Gənclərin təbii ehtiyatlara su və torpağa onların qorunmasına innovativ yanaşması” mövzusunda layihənin təqdimatı olub. SMETİ- nin Təcrübə-tədqiqat stansiyalarına nəzarət şöbəsinin aparıcı məsləhətçisi Ruslan Kazımov layihənin məqsədi və planı haqqında məlumat verib. Tədbirdə Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsinin Su Meliorasiya Elmi Tədqiqat İnstitutunda təcrübə prosesi keçəcəyi vurğulanıb. Görüşün sonunda Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva çıxış edərək, tələbələrin tədqiqat yönümlü olduğunu və bu işin öhdəsindən layiqincə gələcəklərini bildirib.