Dekabrın 16-da Sumqayıt Dövlət Universitetinin Davamlı İnkişaf Mərkəzində Mükəmməllik Mərkəzi və İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “COP29-dan sonrakı iqtisadiyyat: Qlobal dəyişikliklər və yeni perspektivlər” mövzusunda tədbir keçirildi. Tədbir dünya miqyasında ekoloji, iqtisadi və sosial dəyişikliklərə gətirib çıxaran COP29 sammitinin sonrakı dövrə təsirini müzakirə etmək məqsədini daşıyırdı. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimləri Lyudmila İsmayılova və Şöhrət Əliyeva çıxış edərək COP29 sammitinin nəticələri, müzakirə edilən əsas məsələlər və əldə edilən müsbət nəticələri diqqətə çatdırdılar. Qeyd etdilər ki, Azərbaycan COP29-a ev sahibliyi missiyasını üzərinə götürməklə, müsbət ekoloji dəyişikliklərə nail olmaq və bu istiqamətdə beynəlxalq aləmə böyük töhfə vermək niyyətində olduğunu göstərdi. Ölkəmiz artıq “yaşıl enerji” iqtisadiyyatını yaratmaq və inkişaf etdirmək qərarını qətiləşdirib. Belə ki, ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarı 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Təbii ki, ölkəmizdə COP29 tədbirlər planına uyğun olaraq, Sumqayıt Dövlət Universitetində də bu mövzuya həsr olunmuş müxtəlif forumlar, sərgilər və tədbirlər təşkil olunub. Bu tədbirlər yalnız yerli səviyyədə deyil, qlobal miqyasda da ekoloji məsələlərin həllinə və iqlim dəyişikliklərinin qarşısının alınmasına dair ölkəmizin göstərdiyi birgə fəaliyyətlərə də öz müsbət təsirini göstərir. Çıxışlardan sonra COP29 ilə bağlı ölkəmizdə və Sumqayıt Dövlət Universitetində həyata keçirilən fəaliyyətləri və tədbirləri özündə əks etdirən videoçarx nümayiş olundu.