Dekabrın 16 –da Karyera və Məzunlarla iş Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) əməkdaşları tərəfindən gənclərə iş dünyasında uğur qazanmaq məqsədilə seminar təşkil olunub. Seminarı Gənclərin inkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin direktoru Sevinc Qasımova açaraq tədbirin əhəmiyyətindən bəhs edib. Bildirib ki, ABB-nin gənclər üçün təşkil etdiyi bu seminar, onların peşəkar həyatlarına müsbət təsir edərək, gələcəkdə uğur qazanmaq üçün əhəmiyyətli bir başlanğıc olacaq. Eyni zamanda işə qəbul və liderlik mövzularında biliklərini artıracaq, karyera planlarını daha sağlam şəkildə qurmaq üçün vacib məsləhətlər alacaqlar. Sonra ABB-nin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva "Həyat hekayənin memarı ol" mövzusu ilə çıxış edərək, şəxsi inkişaf və uğurlu karyera qurmağın yolları haqqında məlumat verib. Digər bir çıxış isə ABB-nin İşə qəbul və planlaşdırma şöbəsinin müdiri Rəna Məmmədli tərəfindən edilib. O, "Liderliyə ilk addım: İşə qəbul prosesində fərqlənməyin yolları" mövzusunda gənclərə işə qəbul prosesində fərqlənməyin yollarını və uğurlu liderlik üçün əsas addımları izah edib. Sonda mövzu ətrafında gənclərin sualları cavablandırılıb və sual-cavabda fərqlənən tələbələr hədiyyələrlə mükafatlandırılıb.