Dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ev sahibliyi ilə II Təhsil Menecerləri Forumu (TMF) keçirilib. Tədbirdə 400-dən çox iştirakçı, təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri bir araya gəlib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov rəhbərlik etdiyi universitetin fəaliyyəti, həyata keçirilən yeniliklər və forumun əhəmiyyəti barədə məlumat verib. Forumun təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji sahələrdə mühüm töhfələr verəcəyini vurğulayıb. O, çıxışında hər kəsi inklüziv, gələcəyə hesablanmış və cəmiyyətin ehtiyaclarına dərindən bağlı olan təhsil sistemini inkişaf etdirmək öhdəliyi üzərində düşünməyə, təhsilin dəyişikliklərə rəhbərlik etdiyi sistem qurmaq yolunda aktiv çalışmağa çağırıb. Açılış mərasimində çıxış edənlərdən Hədəf Şirkətlər Qrupunun baş direktoru, TMF-nin layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun (TİF) sədri Elnur Nəsibov və Dövlət Gömrük Akademiyasının (DGA) sədri Qulu Novruzov forumun məqsədindən, təhsil sahəsinin qarşısında duran çağırışlar və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyindən söz açıblar. Forumda “Təcrübədə innovativ idarəetmə”, “Təhsil idarəetməsində texnoloji və ekoloji məsuliyyətlər” və “Məktəb idarəetməsində keyfiyyət təminatı” mövzularında keçirilən panellərdə yerli və xarici spikerlər çıxış ediblər. “Təcrübədə innovativ idarəetmə” panelində Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizovun çıxışı böyük maraqla qarşılanıb. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktik tövsiyələr verilib.