Dekabrın 13-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “AzMUN - ölkəmizdə BMT Modeli klubları şəbəkəsinin fəaliyyətinin dəstəklənməsi” proqramı çərçivəsində məlumat sessiyası keçirilib. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək ölkədə gənclər siyasətinin əsas istiqamətləri, Azərbaycanın sosial-iqtisadi inkişafında gənclərin rolu, bu cür klubların yaradılmasının gənclərimizin potensialını üzə çıxarmaq, onlarda natiqlik qabiliyyətini inkişaf etdirmək baxımından əhəmiyyətini vurğulayıb. Prorektor “AzMUN” proqramının Azərbaycan gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini və onların diplomatik bacarıqlarını inkişaf etdirməyə yönəldiyini qeyd edərək, tələbələri proqrama qoşulmağa dəvət edib. “AzMUN” proqramının rəhbəri Sabir Sultanov təqdimatla çıxış edərək proqramın məqsədi, fəaliyyət planı, görülən işlər barədə ətraflı məlumat verib. O, bu proqramın gənclərə diplomatik bacarıqlarını inkişaf etdirmək, beynəlxalq məsələlərə dair motivasiya yaratmaq və bir-birləri ilə aktiv əlaqələr qurmaq imkanı verdiyini bildirib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrində BMT Modeli klublarının yaradılmasının və bu klublar çərçivəsində konfransların keçirilməsinin vacibliyini vurğulayıb. Tədbirin sonunda tələbələr arasında BMT modeli simulyasiya oyunu təşkil olunub. Simulyasiya zamanı tələbələr müxtəlif ölkələrin nümayəndələri rolunda çıxış edərək, təmsil etdikləri ölkələrin mövqeləri barədə müvafiq mövzularda çıxışlar edib, beynəlxalq məsələlərə dair fikirlərini səsləndiriblər.