Dekabrın 12-də Sumqayıt Dövlət Universitetində (SDU) Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dekabrın 10-da “Yaşıl dünya naminə həmrəylik ili” mövzusu üzrə Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) hazırlanaraq keçirilməsində göstərdikləri fəaliyyətə görə universitetin bir qrup tələbəsinə sertifikatlar verildi. Təqdimatda çıxış edən SDU-nun rektoru, dosent Rüfət Əzizov öz işini başa çatdıran konfransın ölkəmizdə keçirilən ən böyük elmi tədbir olduğunu və ilk dəfə olaraq region universitetində keçirildiyini xatırlatdı. Tədbirin yüksək səviyyədə təşkil edilməsində SDU-nun professor-müəllim və inzibati heyəti ilə bərabər, universitetin könüllü tələbələrinin də fəal iştirakını diqqətə çatdıran Rüfət Əzizov buna görə onlara təşəkkürünü bildirdi. Könüllülərin işinin konfransa gələn qonaqlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən rektor tədbirin sonunda könüllülərə sertifikatlar təqdim etdi.