Dekabrın 12-də Sumqayıt Dövlət Universitetində (SDU) “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) bağlanış mərasimi keçirilib. Konfrans ölkənin elm və təhsil mühitinə böyük töhfələr verən ən nüfuzlu tədbirlərdən biri olaraq, iki gün ərzində 44 yerli ali təhsil müəssisəsindən, elmi tədqiqat institutlarından və 8 xarici ali təhsil müəssisəsindən (ATM) 251 tədqiqatçının məruzə etdiyi mövzularla yadda qalıb. Tədbirdə SDU rektorunun müşaviri Rza Məmmədov çıxış edərək gənc alimlərin elmi fəaliyyətlərinin gücləndirilməsi, onların beynəlxalq müstəvidə tanınması və elmi potensialın artırılmasının vacibliyini vurğulayıb. Rza Məmmədov belə əhəmiyyətli tədbirlərin gənc tədqiqatçılar üçün böyük imkanlar yaratdığını qeyd edərək, iştirakçılara və konfransın təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirib. O, xüsusilə bu konfransın gənc alimlər üçün əhəmiyyətli bir platforma olduğunu və onların ən son tədqiqat nəticələrini təqdim etmək imkanına sahib olduqlarını qeyd edib. Sumqayıt Dövlət Universitetinin gələcəkdə də elmi tədqiqatların inkişafı, gənc alimlərin dəstəklənməsi və elmi fəaliyyətin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər keçirməyə davam edəcəyini diqqətə çatdırıb. Sonra bölmə rəhbərləri müvafiq olaraq bölmələrin işi barədə hesabat veriblər. Bölmə rəhbərləri məruzəçilərin təqdim etdikləri tezislərin əsasən aktual məsələlərə həsr olunduğunu qeyd edib, təqdim olunan tədqiqatların elmi və praktik əhəmiyyətini vurğulayıblar. Daha sonra tədbir iştirakçıları konfrans barədə təəssüratlarını bölüşüb, fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, bu cür müzakirələr, gənc alimlərin öz sahələrindəki biliklərini genişləndirməklə yanaşı, həm də təcrübə mübadiləsi aparmaq və daha çox yeniliklər əldə etmək imkanı yaradır. Qeyd edək ki, konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və “SOCAR Polymer” MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə keçirilib.