Dekabrın 9-da Sumqayıt Dövlət Universitetində Vaşinqton Universitetinin Braun fakültəsinin assistent tədqiqat professoru, "International Social Work" və "International Journal of School Social Work" jurnallarının redaksiya şurasının üzvü Aytəkin Hüseynli tərəfindən "ABŞ-də tədqiqat yönümlü universitetdə elmi fəaliyyətin əsasları" mövzusunda təlim keçirilib. Təlimi SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Könül Abaslı açaraq, iştirakçılara spiker Aytəkin Hüseynlinin fəaliyyəti haqqında məlumat verib, təlimin əhəmiyyətini vurğulayıb. Aytəkin Hüseynli təlim iştirakçılarına ABŞ-dəki tədqiqat yönümlü universitetlərdə elmi fəaliyyətin strukturunu, əsas prinsiplərini və inkişaf meyillərini təqdim edib, tədqiqatların necə qurulması, nəşrlərin tipi, elmi layihələrin hazırlanması və bu kimi müvafiq mövzularla bağlı məlumatlar verib. Təlimdə, həmçinin ABŞ-də tədqiqatçıların qarşılaşdığı çətinliklər, elmi fəaliyyətin effektiv idarə olunması və akademik uğurun əldə edilməsi məsələləri də müzakirə olunub. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb