Dekabrın 5-də Sumqayıt Dövlət Universitetində (SDU) Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) Sumqayıt Regional laboratoriyasının təşkilatçılığı ilə İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov İİV/QİÇS xəstəliyi barədə məlumat verərək infeksiyanın yayılmasının qarşısının alınmasında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu cür tədbirlər gənclərin İİV və digər infeksion xəstəliklərə qarşı məlumatlıqlarını artırmaqla yanaşı, sağlam həyat tərzini təbliğ edir. Sumqayıt Dövlət Universiteti bu cür maarifləndirmə işlərinə davam edərək tələbələrin sağlamlıq vəziyyətlərinə diqqət yetirir və onların gələcəkdə sağlam həyat tərzi seçmələrinə dəstək verir. Prorektor çıxışının sonunda gəncləri sağlam həyat tərzini mənimsəməyə və İİV infeksiyasına qarşı mübarizədə aktiv olmağa çağırıb. Mərkəzin Sumqayıt Regional laboratoriyasının müdiri İlkanə Məhyəddinova çıxış edərək insan sağlamlığı üçün təhlükəli olan İİV infeksiyasının yaranma səbəbləri, qorunma üsulları və sağlam həyat tərzinin əhəmiyyəti barədə ətraflı məlumat verib. O, QİÇS pandemiyasının dünya səhiyyəsinin ən ciddi infeksion problemlərindən biri olduğunu vurğulayaraq bu xəstəlikdən qorunma yolları və erkən diaqnozun əhəmiyyətini xüsusi olaraq qeyd edib. Sonra mərkəzin mütəxəssisləri tərəfindən könüllü olaraq tələbə və universitetin əməkdaşları İİV test müayinəsindən keçiblər.