Dekabrın 4-də Sumqayıt Dövlət Universitetində (SDU) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıların idarə edilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev, o cümlədən universitetin müəllim və ekologiya ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər. Tədbiri Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev açaraq qonaqları və iştirakçıları salamlayıb, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Bildirib ki, Sumqayıt Dövlət Universitetində bu çərçivədə müxtəlif tədbirlər, forumlar və konfransların təşkil olunması ətraf mühitin qorunmasına və ekoloji tarazlığın təmin olunmasına öz töhfəsini verir. Kimya mühəndisliyi və ekologiya kafedrasının müdiri, dosent Tünzalə Babayeva çıxış edərək tullantıların düzgün idarə edilməsi və ekoloji tarazlığın qorunması məsələlərinin nə qədər vacib olduğunu vurğulayıb, tədbirin əhəmiyyətindən bəhs edib. O, həmçinin COP29-un Azərbaycanda və dünya miqyasında ətraf mühitin qorunmasına yönələn təşəbbüslərə verdiyi əhəmiyyətli töhfələrdən bəhs edib. Sonra ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və tullantıların idarə edilməsi barədə məlumat verib.Qeyd edib ki, tullantıların idarə edilməsi təkcə dövlət və şirkətlərin məsuliyyəti deyil, hər birimizin gündəlik həyatında üzərinə düşən bir vəzifədir. Təmiz Şəhər ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin rəis müavini Elnur Əliyev təmsil etdiyi qurumun fəaliyyəti, ölkə daxilində tullantıların toplanması, daşınması, emalı və təkrar emal edilməsi barədə ətraflı çıxış edib. Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və ətraf mühitin mühafizəsi ilə bağlı fikir mübadiləsi aparılıb.