Dekabırın 4-də Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. İlk olaraq dəyirmi masa iştirakçıları böyük dövlət xadiminin xatirəsini bir dəqiqəlik ehtiramla yad etdilər. Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbiri SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov açaraq bugünkü Azərbaycan Respublikasının yaradıcısı Heydər Əliyevin xalqımızın tarixində əvəzolunmaz missiyasından danışdı. İkinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəlişi dövründə Ermənistan Respublikasının ölkəmizin 20 faizindən çoxunu işğal etdiyi, xalqımızın çətinliklərlə qarşılaşdığı və iqtisadiyyatın ağır vəziyyətdə olduğu dövrdə Prezident Heydər Əliyevin həyata keçirdiyi islahatlar və gördüyü mühüm işlər sadalandı. Xalqımızın həmin dövrdə dünya tarixində bir çox ölkələrin əldə edə bilmədiyi böyük uğurları qazandığını xatırladan prorektor həmin zamandan gələcək qələbələrin əsasının qoyulduğunu bildirdi. Dövlət institutlarını formalaşdıran Ümummilli Liderin “Azərbaycan gəncliyi ölkəmizi gələcəyə aparan lokomotividir” sözlərini qeyd edən Elmar Xəlilov ölkəmizin, o cümlədən Sumqayıt gəncliyinin bu etimadı doğrultduğunu vurğuladı. SDU-nun Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev xalqımıza son üç yüz ildəki ən parlaq qələbəsini qazandıran Vətən Müharibəsindəki Zəfərin əsasının Ümummilli Liderimiz tərəfindən qoyulduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini qeyd etdi. Sonra universitetin bir qrup tələbəsi çıxışlarında Ümummilli Liderin Azərbaycançılıq ideologiyasına əsaslanaraq gənclərə təqdim etdiyi böyük məsuliyyətlərdən və gələcək vəzifələrdən danışdılar.