Noyabrın 30-da Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fakültələrarası şahmat yarışı keçirildi. Yarışda Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 7 komanda birincilik uğrunda mübarizə apardılar. Əvvəlcə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış edərək yarışın əhəmiyyətindən danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti yalnız akademik təhsilə deyil, həm də idman sahəsinə xüsusi diqqət yetirir. Universitetin geniş və müasir idman bazası tələbələrin sağlam həyat tərzini formalaşdırmasına, fiziki inkişafını təmin etməsinə, eyni zamanda idman sahəsində uğurlar qazanmasına əlverişli şərait yaradır. Bu səbəbdən də tələbələrimiz müxtəlif idman yarışlarında iştirak edərək qalib olurlar. Təbii ki, bu uğurlar universitetin idman sahəsinə verdiyi dəstəyin nəticəsidir. Elə şahmat yarışının keçirilməsinin məqsədi tələbələr arasında intelektual bacarıqların inkişafını təşviq etmək və sağlam rəqabət mühitinin formalaşmasına töhfə verməkdir. Prorektor çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzuladı. Sonra yarışa start verildi. Yarış beynəlxalq qaydalara uyğun keçirilərək, I yerə Təbiət Elmləri, II yerə Filologiya, III yerə isə İqtisadiyyat və İdarəetmə fakültəsinin komandası layiq görüldü.