Şimali Qafqaz Federal Universitetinin tələbələri Payız Məktəbi çərçivəsində Bakı şəhərində oldular. Tələbələr əvvəlcə Bakının Dənizkənarı Bulvar ərazisini, sonra isə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəzdilər. Gəzinti zamanı tələbələrə milli tarixin nümunələri və müasir şəhər infrastrukturu haqqında məlumat verildi. Səfər çərçivəsində tələbələr Sabah.hub İnnovasiya Mərkəzini də ziyarət etdilər. Mərkəzlə tanışlıq zamanı mərkəzin əməkdaşı Sultan Abdullayev, tələbələr üçün məlumatlandırma sessiyası keçirərək, investisiya və innovasiya mövzularında biliklərini paylaşdı. Daha sonra STEAM İnnovasiya Mərkəzinə baş çəkən tələbələr burada ən müasir texnologiyalarla tanış oldular. Robototexnika laboratoriyası, "3D-holoqram", VR/AR texnologiyaları, STEAM tele-studiyası kimi yenilikçi qurğular tələbələrin diqqətini cəlb etdi. Tələbələrə bu texnologiyaların müxtəlif sahələrdə tətbiqi və faydaları ətraflı şəkildə izah edildi. Səfərin sonunda tələbələr Bakının gözəlliyi və dinamik inkişafı haqqında öz xatirələrini bölüşdülər.