Noyabrın 28-də Sumqayıt Dövlət Universitetində (SDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə “Dövlət qulluğunun üstünlükləri: dəyişikliklər və perspektiv planlar” mövzusunda təlim keçirilib. Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Təlim və təhlil sektorunun müdiri Elçin Cəfərov, şöbənin baş məsləhətçisi Həsənağa Hüseynov, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının sektor müdiri Yusif Səfərov və universitetin yuxarı kurs tələbələri ilə yanaşı, magistrantlar da iştirak ediblər. Karyera və Məzunlarla İş Mərkəzinin əməkdaşı Ülkər Vəlizadə açılış nitqi ilə çıxış edərək dövlət qulluğu ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, sözü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Təlim və təhlil sektorunun müdiri Elçin Cəfərova verib. Sektor müdiri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Sonra baş məsləhətçi Həsənağa Hüseynov dövlət qulluğu ilə bağlı geniş təqdimatla çıxış edib. Təqdimatın ilk hissəsində dövlət qulluğunun prinsipləri, hüquqları, vəzifələri, dövlət qulluqçuları üçün təminatlar və dövlət qulluğuna qəbul prosesi ilə bağlı məlumat verilib. İkinci hissədə isə ƏƏSMN-nin fəaliyyət istiqamətləri haqqında danışılıb. Təlimin sonunda tələbə və magistrantların mövzu ətrafında sualları cavablandırılıb.