Noyabrın 27-də “Gənclik və tələbə turizmi” proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetində olan Şimali Qafqaz Federal Universitetinin bir qrup tələbəsi SDU-nun payız məktəbində texnika elmləri doktoru, professor Cavanşir Məmmədovun “İnnovativ layihələrə giriş” mövzusu üzrə mühazirənin dinləyicisi oldu. Qonaqları salamlayan Cavanşir Məmmədov SDU-nun strategiyasında tələbələrin yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsi ilə bərabər, onların öz karyeralarını qurmaq istiqamətində dayandığını vurğuladı. Ölkəmizdə tələbələrə öz biznesini yaratmaqda kömək edən “SABAH.HUB” platforması barədə məlumat verən professor həmin layihədə “SABAH.academy", "SABAH.INCUBATİON" və "SABAH.LAB" platformaların olduğunu qeyd etdi. SDU startapçılarının ölkəni təmsil edən 18 komanda arasında fərqləndiyini deyən mühazirəçi "Sabahın gücü" layihəsi barədə də məlumat verdi, qazanılan uğurları sadaladı. Sənaye müəssisələri ilə qurulan əməkdaşlıq ancaq tədris proqramlarının təkmilləşməsinə deyil, həmçinin tələbələrin istehsalat təcrübəsi keçməsinə və karyeralarını həmin müəssisələrdə qurmasına imkan verdiyi bildirildi. Cavanşir Məmmədov təmsil etdiyi universitetdə inklüziv təhsilin keyfiyyətinin artırılması yönünündə innovativ layihələrin həyata keçirildiyini, bu işə kömək edəcək robotların hazırlanması ilə bağlı işlərin davam etdiyini vurğuladı. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.