Noyabrın 27-də Sumqayıt Dövlət Universitetində rektor dosent Rüfət Əzizovun iştirakı ilə “İnnovativ mühitin dəstəklənməsi” mövzusunda təlim təşkil olunub. İki gün davam edəcək təlimin əsas məqsədi təhsildə innovativ həllərin tətbiqini genişləndirmək üçün müxtəlif yanaşmalardan istifadə yollarını müzakirə etməkdir. Təlim zamanı rektor səmərəlilik və innovativ yanaşmaların əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, yeni metodlar elm və texnologiya sahəsində tərəqqinin, elmtutumlu cəmiyyətin və mədəni inkişafın əsasını təşkil edir. Bu yanaşmalar qlobal bazarda rəqabət qabiliyyətini artırır və uzunmüddətli iqtisadi inkişafı təmin edir. Rektor, həmçinin, təhsildə innovativ həll metodlarından istifadənin, şöbələrarası aktiv kommunikasiyanın qurulmasının, standartlaşdırmanın və digər strateji yanaşmaların vacibliyini vurğulayıb. O, son illərdə dövlət səviyyəsində tətbiq olunan müasir mexanizmlərin əhəmiyyətindən bəhs edərək, bu proseslərin cəmiyyətin bütün səviyyələrində innovasiya fəaliyyətinin genişlənməsinə şərait yaratdığını bildirib. Çıxışında universitetdə sistemli yanaşmanın qurulması, dərs keyfiyyətinin artırılması və davamlı təlimlərin təşkili məsələlərinin önəmini qeyd edən rektor, həm təhsilverənlərə, həm də təhsilalanlara öz vəzifələrinə daha məsuliyyətli yanaşmağı və maraqlı innovativ təşəbbüslərlə çıxış etməyi tövsiyə edib. Təlim geniş fikir mübadiləsi ilə yekunlaşıb.