Noyabrın 27-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Gənclər Fondunun “Rəqəmsal” mövzulu layihələrə dair qrant müsabiqəsi ilə bağlı infossesiya keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edillib. Sonra Azərbaycan Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova təmsil etdiyi fondun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək, iştirakçılara "Rəqəmsal" mövzulu qrant müsabiqəsi ilə bağlı geniş təqdimat edib. Qeyd edib ki, Azərbaycan Gənclər Fondu ilk dəfə olaraq rəqəmsal sahədə qrant müsabiqəsini elan edir. Gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin rəqəmsal potensialını aşkara çıxarmaq məqsədilə keçirilən müsabiqəyə 18-29 yaş aralığında olan gənclər elektron qaydada müraciət edə bilərlər. Qalib gələn layihələrin icra müddəti 3 aydır. Fond tərəfindən fiziki şəxslərin fərdi layihələri üçün maksimum 5000 manat, gənclər təşkilatlarının yerli layihələri üçün maksimum 10000 manat, beynəlxalq layihələr üçün isə maksimum 15000 manat qrant ayrılacaq. Layihə təklifləri dekabrın 1-dək qəbul edilir. Seminarda iştirakçılara layihə ilə bağlı ətraflı məlumat verildikdən sonra tələbələrin sualları cavablandırılıb.