Noyabrın 7-də Qazaxıstanın Marqulan adına Pavlodar Dövlət Pedaqoji Universitetinin Akademik işlər üzrə prorektoru, professor Andryuşenko Olqa Konstantinovna Sumqayıt Dövlət Universitetində (SDU) olub. Qonağı salamlayan SDU-nun Elm və innovasiyalar üzrə prorektoru dosent Elşad Abdullayev ölkələr arasında elm və təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərindən, bu istiqamətdə Sumqayıt Dövlət Universiteti ilə Qazaxıstan ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrindən və əməkdaşlığın gücləndirilməsi məqsədilə universitetlərarası imzalanan müqavilələrin əhəmiyyətindən danışıb. O, son illər universitetdə görülən işlər, həyata keçirilən layihələr və proqramlar, eləcə də strateji fəaliyyət istiqamətlərinə dair ətraflı çıxış edib, qarşılıqlı səfərlərin əməkdaşlığın hər iki ali təhsil müəssisəsi üçün səmərəli olacağını vurğulayıb. SDU-da olmaqdan məmnunluğunu bildirən Marqulan adına Pavlodar Dövlət Pedaqoji Universitetinin Akademik işlər üzrə prorektoru, professor Andryuşenko Olqa Konstantinovna səmimi qəbula görə təşəkkürünü ifadə edib, təmsil etdiyi universitetin tarixindən, fəaliyyətindən bəhs edib, Azərbaycan universitetləri, xüsusən Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qeyd edib ki, təmsil etdiyi təhsil müəssisəsi Qazaxıstanda müəllim hazırlığını həyata keçirən ali məktəblərdəndir. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, elmi jurnallarda birgə nəşrlər, ikitərəfli proqram və layihələrin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, hər iki universitetin strateji inkişaf perspektivləri üzrə konkret addımlar müzakirə olunub. Sonra qonaq Sumqayıt Dövlət Universitetini gəzərək universitetin maddi-texniki bazası ilə tanış olub.