SDU-da distant təhsil formasna keçidlə bağlı təlim
Noyabrın 7-də Sumqayıt Dövlət Universitetinin (SDU) professor-müəllim heyəti üçün SDU Tədris Metodiki Mərkəzin (TMM) təşkilatçılığı ilə onlayn dərslərin təşkili və keçirilməsi ilə bağlı təlim keçirildi. TMM-in direktoru, dosent Osman Hacıyev təlimi açaraq, COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcəyini xatırlatdı. Bunun AR Nazirlər Kabinetinin COP29- un təşkilinə dair əlavə tədbirlər barədə qərarında əks olunduğunu bildirən Mərkəz direktoru 14-20 noyabr tarixlərində universitetimizdə distant təhsilə keçiriləcəyini bildirdi. SDU təhsilverənlərinin onlayn tədrisə adaptasiyasının heç bir çətinlik yaratmayacağına əmin olduğunu qeyd edən Osman Hacıyev təlim iştirakçılarını interaktivliyə dəvət etdi. TMM Məsafədən təhsil bölməsinin müdiri Rəşad Quliyevin təlimçiliyi ilə başlayan məşğələdə təlim iştirakçılarının hər birinin korporativ hesabları olduğu vurğulandı. Təlim, iştirakçıların proqram yüklənməsi və quraşdırılması, həmçinin yükləmə linki, quraşdırma addımları, Web whatsapp barədə məlumatla davam etdirildi. Daha sonra Microsoft Teamsın əsas başlıca funksiyaları xatırladıldı, korporativ hesaba daxil olma üsulları, iştirakçıların dərslərə necə qoşulacaqları əyani olaraq göstərildi. Bundan sonra əsas funksiyalar- görüş və dərslərin idarə olunması, onlayn dərslərin yaradılması, iştirakçıların dəvət edilməsi qaydaları mərhələlərlə izah olundu, mikrofon və kameranın tətbiqi, ekran paylaşımı və materialların yayım qaydaları izah olundu. Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.