Noyabrın 4-də Sumqayıt Dövlət Universitetinin (SDU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrası 9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş ekskursiya təşkil edib. Bu ekskursiya Sumqayıt şəhərində yerləşən Bayraq Muzeyində baş tutub və tələbələr arasında vətənpərvərlik dəyərlərinin aşılanması məqsədini daşıyırdı. Ekskursiyada kafedra müdiri professor Şirxan Səlimov, baş müəllim Pərviz Cəfərov və fakültənin 855 saylı qrupunun tələbələri iştirak ediblər. Ekskursiya Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının İllik Fəaliyyət Planına uyğun olaraq təşkil olunub və gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq məqsədi daşıyıb. Bayraq Muzeyinə təşkil olunan ekskursiya zamanı SDU-nun tələbə və müəllim heyəti muzeyin peşəkar bələdçiləri tərəfindən qarşılanıb. Muzey bələdçiləri qonaqlara Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, simvolik mənası və bayrağın milli rəmz kimi xalqımız üçün əhəmiyyəti haqqında ətraflı məlumat veriblər. Ekskursiya zamanı muzeyin ekspozisiya zallarında nümayiş etdirilən tarixi eksponatlar diqqəti cəlb edib. Bu eksponatlar arasında Azərbaycan xalqının keçmişini əks etdirən qədim bayraqlar, döyüş bayraqları və digər milli rəmzlər nümayiş olunub. Tələbələr və müəllimlər muzeydə sərgilənən eksponatları böyük maraqla izləyiblər, tarixi hadisələr və bayrağımızın inkişaf mərhələləri ilə yaxından tanış olublar. Professor Şirxan Səlimov ekskursiya zamanı qeyd edib ki, belə tədbirlər gənclərin milli tariximizə və mədəniyyətimizə daha dərindən bələd olmasında və onlarda vətənpərvərlik hissinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. O, vurğulayıb ki, Dövlət Bayrağı Günü ərəfəsində Bayraq Muzeyinə ekskursiyanın təşkil olunması tələbələrin milli dəyərlərə bağlılığını gücləndirmək baxımından çox önəmlidir. Ekskursiyada iştirak edən tələbələr muzeyin təqdim etdiyi məlumatları canlı olaraq izləməkdən və Azərbaycan bayrağının keçdiyi tarixi yolu, onun xalqımız üçün əhəmiyyətini öyrənməkdən böyük zövq alıblar. Tələbələr muzeyin təqdim etdiyi informasiya vasitəsilə dövlət atributlarının mahiyyəti və dəyəri haqqında daha ətraflı məlumat əldə ediblər. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsi gələcəkdə də tələbələrin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək məqsədilə bu tip ekskursiya və tədbirlərin keçirilməsini planlaşdırır. Bu kimi ekskursiyalar tələbələrin tarix və mədəniyyət biliklərinin artırılması, milli dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından əvəzsizdir.