Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları akademik heyət üçün təlim keçdi
Yerləşdirilmə tarixi : 06 Noyabr 2024 17:16
SDU əməkdaşları akademik heyət üçün təlim keçdi

Noyabrın 6-da Sumqayıt Dövlət Universitetində (SDU) universitet Tədris Metodik Mərkəzin (TMM) təşkilatçılığı ilə növbəti təlim keçirildi. Təlimi açan TMM-nin direktoru, dosent Osman Hacıyev cari tədris ilində tədrisin optimallaşmasına hesablanan islahatların ilkin nəticələri barədə məlumat verdi. Bu yöndə qazanılan uğurlar xatırladıldı, yeni ixtisasların açılması, bakalavr və magistratura pillələri üzrə SABAH qruplarının mövcudluğundan əlavə, yaxın müddətdə ali təhsil müəssisəsində ingilisdilli tədrisin 30 faizə çatdırılmasının minimum hədəf olduğu vurğulandı. Mərkəz direktoru başlanmıç islahatların akademik heyət üçün prioritet istiqamət olduğunu, tədrisin məzmunca yenilənməsini kadr axtarışında olan iş dünyasının sərt tələblərindən yarandığnı qeyd etdi. Universitet müəllimlərinin iştirak etdiyi, Filologiya fakültəsi Dil və ədəbiyyat kafedrasının baş müəllimi Aynurə Bağırovanın təlimçiliyi ilə “Müəllimin ROL-MODEL olması: Şəxsi nümunənin təsiri” mövzusu üzrə məşğələ başladı. Təlim prosesində səmərəli öyrənmə mühitinin yaradılması, sosial-emosional öyrənmənin təlim prosesinə inteqrasiya edilməsi, auditoriyanın effektiv idarəolunması mexanizmləri və strategiyaları, tələbələrlə effektiv ünsiyyətin qurulmasına həsr olunan məşğələ texniki vasitələrin istifadəsi ilə aparıldı. Təlimçi mövzunun müəllimin qarşısındakı vəzifələrin yerinə yetirilməsini qabartmaq deyil, onun potensialını xatırlatmaq olduğunu qeyd etdi. Növbəti təlimçi, Pedaqogika və psixologiya kafedrasının dosenti Aytəkin Məmmədova “Müəllimin dərs prosesini effektiv təşkil etməsi” mövzusundakı məşğələsini sadəcə olaraq həmkarlarla fikir bölüşməsi adlandırdı. Mövzunun müasir dərs qarşısında qoyulan tələblər olduğunu xatırladan kafedra müdiri bunun zamanın çağırışlarından və universitet rəhbərliyinin akademik heyət qarşısında qoyduğu minimal tələblərdən irəli gəldiyini bildirdi. Müəllimlərin aktiv təlim resurslarından istifadə etməsini, habelə az istifadə olunan, lakin effektiv resurslardan, məsələn, tədrisdə interaktivliyin təmin olunmasının vacibliyini vurğulayaraq yada saldı: “Zaman kimi tələbələrimizin tədrisə yanaşmaları da dəyişir və bu, işimizdə yenilənməni qaçılmaz edən faktorlardandır”. Sonda Elm və İnnovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev təlimçilərə və iştirakçılara təşəkkür etdi, təlimin mövzusunun universitet rəhbərliyinin tədrisə münasibətindən doğduğunu xatırlatdı. Bu mövzuda təlimlərin davam edəcəyini, akademik heyətin könüllülülk əsasında məşğələlərə qatılacağını bildirən prorektor müəllimlərin yaradıcı işinin tədrisdə əksini tapdığı kimi, onların əmək haqqında da ifadə olunacağını qeyd etdi.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az