Noyabrın 4-də Sumqayıt Dövlət Universitetində Təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə ölkəmizin ev sahibliyi edəcəyi 29-cu “Tərəflərin konfransı (COP29)”na həsr olunmuş “COP29 Dayanıqlılığı təşviq edək, Yaşıl Dünya naminə həmrəy olaq” adlı tədbir keçirildi.Əvvəlcə iştirakçılar universitetin foyesində ekoloji maarifləndirməni özündə əks etdirən tullantılardan hazırlanmış əl işlərindən ibarət sərgi ilə tanış oldular. Tədbirdə fakültə dekanı dosent Rəşad Səlimov “İqlim dəyişkənliyi” mövzusunda çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 13-cü məqsədi (İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək) haqqında məlumat verdi. O, iqlim dəyişmələrinin ətraf mühitə təsirindən, bəşəriyyətə vurduğu ziyanlardan, bu sahə üzrə tətbiq edilən qabaqlayıcı tədbirlərdən danışdı və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacib məsələlərdən olduğunu qeyd etdi. Dekan ölkəmizdə COP29 tədbirlər planına uyğun olaraq Sumqayıt Dövlət Universitetində də bu istiqamətdə forum, sərgi, müxtəlif tədbirlərin təşkil olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu da gənc nəslin tərbiyəsində ekoloji dünyagörüşün formalaşmasına, ekoloji biliklərin artırılmasına və ölkəmizin qlobal iqlim siyasəti ilə bağlı apardığı birgə fəaliyyətə öz töhfəsini verir. Bütün bunlar qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün təsirli vasitələrdən biri olan yaşıl enerji sektorunun inkişafında xüsusi əhəmiyyət daşıyır. Sonra “Təbiət” adlı videoçarx nümayiş olundu. “COP29 haqqında” Təbiət elmləri fakültəsinin I kurs tələbəsi Röya Əlizadə çıxış edərək COP nədir və COP29-a ev sahibliyi ölkəmizə nə verəcək? suallarına təqdimatı ilə aydınlıq gətirdi. Daha sonra tələbələr dünyaca məşhur pop ulduz Michael Jacksonun ‘Earth Song’ mahnısı ilə təbiətin hər kəsin qəlbində nə qədər dərin yer tutduğunu hazırladıqları səhnəciklə bir daha xatırlatdılar. Tələbələr həmçinin Simulyasiya- müharibələrin ekologiyaya təsirindən ibarət hazırladıqları digər səhnəciyi nümayiş etdirdilər. Ardınca “Dünyanın ağciyərləri” pantomim tamaşası göstərildi. Tədbirin sonunda “Earth where in it together” mesajı verildi.