Noyabrın 2-də ADA Universitetində “Web-əsaslı eStat Proqramı ilə Statistikaya Tədris” adlı seminar keçirilib. Seminara layihənin rəhbəri, eStat proqramının qurucusu və Cənubi Koreyanın Soongsil Universitetinin professoru Jung Jin Lee giriş sözü ilə başlayıb. Professor Lee proqramın xüsusiyyətlərini izah edərək onun elmi tədqiqatlarda və tədris prosesində istifadəsinin faydalarını seminar iştirakçılarına təqdim edib. Seminarda ADA Universitetinin professorları Fuad Əliyev və Samir Orucov da müvafiq mövzularda çıxışlar edərək eStat proqramının statistik təhlildə tətbiqi və tədrisdəki rolundan bəhs ediblər. Seminar çərçivəsində korrelyasiya analizi, reqressiya və məlumatların vizuallaşdırılması üzrə praktiki sessiyalar təşkil olunub ki, bu da iştirakçılara proqramın təcrübədə necə istifadə oluna biləcəyini əyani olaraq göstərib. Seminarda Sumqayıt Dövlət Universitetini Mühasibat və iqtisadiyyat kafedrasının müəllimləri iqtisad üzrə fəlsəfə doktoru, baş müəllim Lyudmila İsmayılova, baş müəllimlər Hicran Köçərli və Çiçək Nəcəfova, dosent Səadət Hümbətəliyeva və magistr Nigar Məmmədova təmsil ediblər.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Bu seminar ADA Universitetində statistik tədrisin inkişafı və müasir proqram təminatlarının tətbiqi istiqamətində mühüm addımlardan biri kimi yadda qalıb.