Noyabrın 1-də Sumqayıt Dövlət Universitetində (SDU) şəhid məzun Elnur Səmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə xatirə lövhəsinin açılış mərasimi keçirildi.Əvvəlcə universitetin professor-müəllim heyəti, tələbələr və şəhidin ailə üzvləri universitet həyətində şəhid tələbə və məzunların xatirə abidəsini ziyarət etdilər. Abidənin önünə gül dəstələri qoyuldu və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.Sonra universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək, şəhid Elnur Səmədovun ailəsinə başsağlığı verib onlara Allahdan səbr dilədi. Rüfət Əzizov 44 gün davam edən Vətən Müharibəsinin tarixdə misli görünməyən bir qəhrəmanlıq səhifəsi olduğunu vurğulayaraq, bu qələbənin Azərbaycan xalqının iftixar və qürur günü olduğunu bildirdi. O, şəhidlərin qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini də qeyd etdi. Rektor Azərbaycanın dövlət bayrağının bu gün ölkəmizin hər bir guşəsində dalğalanmasının böyük qələbəmizin simvolu olduğunu söylədi.Rektor həmçinin qeyd etdi ki, SDU-nun kollektivi, tələbələri və məzunları Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə mühüm xidmətlər göstəriblər. O, universitetin şəhid tələbə və məzunlarının xatirəsinin daim əziz tutulacağını, onların qəhrəmanlıq məktəbinin isə gələcək nəsillər üçün örnək olduğunu vurğuladı.Tədbirdə Elnur Səmədovun anası və eyni zamanda müəllimi olan Sənubər Səmədova çıxış edərək şəhidlərin xatirəsinə göstərilən ehtirama görə universitet rəhbərliyinə təşəkkür etdi. O, oğlunun Vətən sevgisi və döyüş yolu ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Sənubər Səmədova övladı ilə yanaşı, tələbələrinin də vətənpərvərlik ruhu ilə yetişməsindən qürur duyduğunu söylədi və Elnur Səmədovun Vətən sevgisinin yaddaşlarda əbədi qalacağını bildirdi.Çıxışlardan sonra iştirakçılar universitetin foyesində təşkil olunan və Zəfər Gününə həsr olunmuş fotosərgi ilə tanış oldular. Bu sərgidə Vətən müharibəsi dövrünə dair müxtəlif anlar, qəhrəmanlarımızın igidlik nümunələri əks olunmuşdu. Sərgi iştirakçılara Azərbaycan əsgərinin döyüş ruhunu və şəhidlərimizin əzəmətini bir daha xatırlatdı.Qeyd edək ki, leytenant Elnur Səmədov 1988-ci ildə İsmayıllı şəhərində doğulub, SDU-da ali təhsil alıb. 2020-ci il Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və “Cəbrayılın azad olunmasına görə”,“Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdu. Elnur Səmədov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı mübarizə apararkən şəhid olub və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Özündən sonra iki övladı yadigar qalıb