31 oktyabr tarixində Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov rəhbərlik etdiyi nümayəndə heyəti ilə Milli Hidrometeorologiya Xidmətində görüşdə iştirak etdilər.Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən qəbul edilən nümayəndə heyəti əvvəlcə Xidmətin Situasiya Mərkəzinin işi, hidrometeoroloji müşahidələrin təşkili və hava proqnozlarının hazırlanması prosesi ilə yaxından tanış oldu. Görüş zamanı ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin qurulması, iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində görülən tədbirlər, eləcə də noyabr ayında ölkəmizdə keçiriləcək COP29 konfransına hazırlıq müzakirə olundu.Sonra Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov universitetlə Xidmət arasında əməkdaşlıq perspektivlərindən bəhs etdi və hidrometeorologiya, iqlim dəyişmələri sahələrində birgə layihələrin həyata keçirilməsini təklif etdi. O, həmçinin universitetin tələbələrinin təcrübə proqramlarına cəlb olunması və elmi-tədqiqat işlərinin birgə aparılmasının əhəmiyyətini vurğuladı. Görüşdə iki qurum arasında qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək məqsədilə Əməkdaşlıq Memorandumu imzalandı. Memorandumu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov imzaladılar. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində birgə təlim və seminarların keçirilməsi, tələbələrin istehsalat təcrübəsinin Xidmətdə təşkil edilməsi və digər əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.