Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Sabahın alimləri” beşinci respublika müsabiqəsinə yekun vuruldu
“Sabahın alimləri” beşinci respublika müsabiqəsinə yekun vuruldu

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” beşinci respublika müsabiqəsinin açılış mərasimi keçirildi.
AMEA, Təhsil, Gənclər və İdman nazirlikləri,Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak etdilər.
Müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Tədbirdə çıxış edən təhsil naziri, cənab Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir bu mühüm sənədə uyğun olaraq müvafiq sahədə həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışdı. Vurğuladı ki, Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında ürəkaçan nailiyyətlər əldə edirlər.
Cənab Mikayıl Cabbarov bildirdi ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində reallaşdırılan islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönümlü fəaliyyətə cəlb edilmələri xüsusi əhəmiyyət daşıyır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm, təhsil sahələri ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini qeyd etdi.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan akademik Akif Əlizadə elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini vurğuladı.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının aşkara çıxarılması baxımından əhəmiyyətini qeyd etdilər.
Onu da qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edirdilər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihə idi. Müsabiqə səkkiz kateqoriya üzrə keçirildi. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılmışdır. Müsabiqəyə elmi dəstəyin verilməsi Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarov tərəfindən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universitetinə və Qafqaz Universitetinə tövsiyyə edilmişdir.
Müsabiqə üç gün ərzində davam etdi. Sonuncu gün “Açıq qapı” saatları təşkil olundu.
Daha sonra Münsiflər Heyəti tərəfindən seçilərək İntel İSEF-İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlandı. Builki müsabiqədə Sumqayıt şəhərin TETG, TTEL, “Təfəkkür” liseyi, “İstedad” liseyi, 1, 9, 11,16, 21, 22, 26, 30, 31 və 32 saylı ümumi təhsil müəssisələrinin IX-XI siniflərdə təhsil alan 56 şagirdin 32 layihəsi iştirak etmişdir. Bu layihələri təqdim edən 13 şagird  II , III yerlərə və Amerika Meteoroloji Agentliyin fəxri fərmanına layiq görüldü, onların müəllif şagirdləri gümüş və bürünc medallarla təltif olundular.Eyni zamanda Sumqayıt şəhər şagirdlərinə rəhbərlik edən Sumqayıt Dövlət Universitetinin dosenti Samir Orucov  müsabiqəyə aid Təlim Akademiyasinda Bakı şəhər şagird və müəllimlərinə “İxtiraçılıq qabiliyyətin inkişaf etdirmə metodları”  mövzusunda seminarlar keçirmişdir.
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az