Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüş keçirib
Yerləşdirilmə tarixi : 17 Oktyabr 2024 18:40
SDU-nun rektoru yüksək bal toplayan tələbələrlə görüş keçirib
17 oktyabr 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru dosent Rüfət Əzizov 2024-2025-ci tədris ilində yüksək akademik nəticə göstərərək 500-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirdi. Görüşün əsas məqsədi tələbələrin əldə etdiyi uğurları qiymətləndirmək və onlara dəstək olmaq idi. Rektor tələbələri yüksək nəticələrinə görə təbrik edərək, tələbəlik illərində onlara uğurlar arzuladı. O, SDU-nun yüksək səviyyəli təhsil mühiti yaratmaq məqsədilə həyata keçirdiyi innovativ yeniliklərdən, tədrisin keyfiyyətini artırmaq üçün görülən tədbirlərdən, universitetin beynəlxalq əlaqələrindən və sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılan addımlardan danışdı. Rüfət Əzizov SDU-nun əsas hədəfinin ölkənin və regionun ən aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmək olduğunu vurğuladı. O qeyd etdi ki, son dövrdə əldə olunan nailiyyətlər universitetin elmi-tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi üçün əhəmiyyətli zəmin yaradır. Rektor çıxışında builki qəbul prosesində əldə olunan müsbət göstəriciləri də diqqətə çatdırdı. O, xüsusilə 500-dən yuxarı bal toplayan tələbələrin sayında ciddi artım müşahidə olunduğunu vurğuladı. 2024-2025-ci tədris ilində 20 tələbə 500-dən yuxarı bal toplayaraq universitetə qəbul olub, halbuki bu göstərici ötən il yalnız bir tələbə idi. Rektor bu müsbət inkişafı xüsusi qeyd edərək, SDU Elmi Şurasının müvafiq qərarına əsasən 500-dən yuxarı bal toplayan hər bir tələbəyə 200 manat məbləğində əlavə təqaüdün təyin olunduğunu və həmin tələbələrin müasir standartlara cavab verən “Tələbə evi”ndə yaşayış yerləri ilə təmin edildiyini bildirdi.Rüfət Əzizov tələbələrin təklif və qayğılarını hər zaman dinləməyə hazır olduğunu vurğuladı və onları universitet həyatında daha aktiv olmağa təşviq etdi. Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov da çıxış edərək tələbələrə təkcə tədrisdə deyil, həmçinin universitetin sosial və ictimai fəaliyyətlərində də fəal iştirak etməyi tövsiyə etdi. Tələbələr də öz növbələrində onlara yaradılan şəraitə və keçirilən səmimi görüşə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Onlar Sumqayıt Dövlət Universitetini məhz yüksək tədris şəraiti və geniş imkanları səbəbindən seçdiklərini vurğuladılar. Görüş qarşılıqlı diskussiya şəraitində davam etdi, tələbələr öz suallarını ünvanladılar və təkliflərini səsləndirdilər. Görüşün sonunda 2024-2025-ci tədris ilində yüksək nəticə göstərərək 500-dən yuxarı bal toplayan tələbələr rektor tərəfindən sertifikatlarla təltif olundular.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az