Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Bilik Günü qeyd olundu
Yerləşdirilmə tarixi : 16 Sentyabr 2024 13:10
SDU-da Bilik Günü qeyd olundu

 Sentyabrın 16-da Sumqayıt Dövlət Universitetində (SDU) yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə tədbir keçirildi. Universitetin həyətində təşkil olunan tədbirdə SDU-nun akademik və inzibati heyəti, tələbələr, magistrantlar və onların valideynləri iştirak edirdilər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə SDU-nun rektoru dosent Rüfət Əzizov açaraq “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə universitetin bütün əməkdaşlarını, 2024/2025-ci tədris ilində SDU-nun tələbəsi adını qazanan birinci kursları və onların valideynlərini təbrik etdi. Son illərdə qazanılan bütün uğurları ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirən rektor SDU-nun yol xəritəsi, hədəfləri və üstünlüklərindən bəhs edərək həyata keçirilən yeni məzmunlu proqramlar haqqında məlumat verdi.
Rüfət Əzizov bildirdi ki, 2024/2025-ci tədris ilindən “Landau School” la birgə əməkdaşlıq çərçivəsində bakalavriat səviyyəsi üzrə ingilis dilində “Kimya müəllimliyi” və “Riyaziyyat müəllimliyi” ixtisasları tədris olunacaq. İlk dəfə olaraq İnformasiya təhlükəsizliyi və sənaye mühəndisliyi ixtisaslarına da qəbul aparılır. Artıq bu ildən SABAH qruplarının həm bakalavriat, həm də magistratura səviyyələri, MBA proqramları, eyni zamanda BP şirkəti ilə yeni məzmunlu “Kimya mühəndisliyi” magistratura proqramı üzrə tədris həyata keçiriləcək.
Rektor həmçinin tələbələrin mübadilə proqramı çərçivəsində Türkiyədə təhsil almalarından, SDU-da təhsil alan tələbələrin akademik və şəxsi inkişafını təşviq etmək, onların asudə vaxtlarının səmərəli təşkil etmək üçün yaradılan “Mükəmməllik Mərkəzi” ndən, bütün bunlarla yanaşı, universitetin beynəlxalq əlaqələrindən, universitetin tarixində ilk dəfə olaraq Oksford Universiteti ilə əməkdaşlığından, ölkənin və şəhərimizin iri sənaye müəssisələri ilə sıx əlaqələrindən danışdı. Diqqətə çatdırdı ki, bu gün sənaye şəhərinin bilik və təcrübə xəzinəsi olan SDU-da inkişaf və fərqlilik göz önündədir. Cari ildə universitetimiz həmçinin QS Avropa Universitetlərinin Beynəlxalq Reytinqində yer alıb və bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Sumqayıt Dövlət Universitetində nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, ötən illərlə müqayisədə universitetimizə 500 baldan yüksək göstəricilərlə 20 tələbə, 400 baldan yüksək göstəricilərlə 205 tələbə qəbul olub.
Hazırda şəhərin və regionun yeganə ali təhsil müəssisəsi olan SDU-nun inkişaf dövrünü yaşadığını qeyd edən rektor tələbələrin ixtisaslı kadr kimi yetişdirilməsi üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu bildirərək bu imkanlardan yararlanmağı tövsiyə etdi.
Sonra SDU üzrə bakalavriat səviyyəsinə qəbul imtahanlarında ən yüksək bal toplayan Zərifə Səmədzadə, magistraturaya qəbulda ən yüksək nəticə göstərən Nübar Osmanova çıxış edərək tələbə həmkarlarını təbrik edib, təhsil həyatlarında uğurlar arzuladılar.
Tədbir universitetin marşı və “Azərbaycan” mahnısı ilə yekunlaşdı.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az