Oksford Universiteti (Saïd Business School) tərəfindən təşkil olunan “İqlim Dəyişikliyi Müsabiqəsi" adlı qlobal müsabiqə cari ildə Sumqayıt Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilir. Bu barədə anlaşma memorandumu imzalanmışdır.
Müsabiqənin əsas məqsədi 15-18 yaş arası gənclər və ümumi təhsil müəllimlərini havanın çirklənməsi, ekstremal hava şəraiti, su qıtlığı, ərzaq təhlükəsizliyi və biomüxtəlifliyin itirilməsi kimi əsas iqlim problemlərinin aradan qaldırılması istiqamətində praktiki həllərin hazırlanmasına cəlb etmək və iştirakçılar arasında yaradıcılıq və tənqidi düşüncəni inkişaf etdirməkdir. Müsabiqədə 50 yaxın ölkədən 600-dən artıq müraciət gözlənilir.
Müsabiqə iqlimi təhdid edən beş əsas problemə əsaslanır:
• havanın çirklənməsi
• ekstremal hava
• su qıtlığı
• ərzaq təhlükəsizliyi
• biomüxtəliflik
Qeyd edək ki, müsabiqə çərçivəsində final mərhələsinin COP29 müddətində Bakıda təşkil olunması və qaliblərin mötəbər tədbirdə mükafatlandırılması planlaşdırılır. Qaliblər, həmçinin 2025-ci ildə Oksford Universitetində (Saïd Business School) dünyanın aparıcı alimlərinin rəhbərlik etdiyi iqlim dəyişikliyi proqramında iştirak etmək hüququ qazanacaqlar.
Müsabiqədə şagirdlərdən ibarət komandanın bir üzvü və ya müəllim kimi iştirak etmək mümkündür. Şərtlər və qaydalar ilə tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
https://www.sbs.ox.ac.uk/future-climate-innovators/climate-change-challenge-2024
Son müraciət tarixi: 16 sentyabr, 2024-cü il, gecə saat 02:59.