Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Riyaziyyat fakültəsi üzrə keçmiş məzunlarla görüş keçirildi
SDU-da Riyaziyyat fakültəsi üzrə keçmiş məzunlarla görüş keçirildi

 İyulun 12-də Sumqayıt Dövlət Universitetində Karyera və Məzunlarla İş Mərkəzinin təşkilatçılığı ilə Riyaziyyat fakültəsi üzrə ötən illərin məzunları ilə görüş keçirildi.
Məzunları salamlayan Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək bugünkü görüşün əhəmiyyətindən, mərkəzdə son bir il ərzində görülən işlərdən, məzunların şəxsi məlumatlarının elektron məzun bazasının yaradılmasından və məzunlarla davamlı əlaqə sisteminin qurulmasından, məzunların karyera inkişafları üçün dəstək olan layihələrdən danışdı. Bildirdi ki, SDU-nun məzunları ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq və onların karyera inkişafına dəstək olmaq məqsədilə Məzun Assosiasiyası yaradılacaq. Nəsibə Əmirbəyova məzunları Assosiasiyaya üzv olmaqları üçün müraciət edə biləcəklərini diqqətə çatdırdı və sözü universitetin rektoru dosent Rüfət Əzizova verdi.
Rüfət Əzizov çıxış edərək qeyd etdi ki, universitet öz məzunları ilə tanınır və universitet cəmiyyətə xidmət edir. Rektor son zamanlar Sumqayıt Dövlət Universitetində elmi sahədə əldə olunan yeniliklər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, beynəlxalq əlaqələr, dövlət və özəl müəssisələri ilə əməkdaşlıq, əldə olunan nailiyyətlərlə bağlı tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, böyük inkişaf yolu keçmiş SDU ölkənin sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində mühüm nailiyyətlər əldə edir. Vaxtilə burada təhsil alan tələbələrin əksəriyyəti bu gün ölkənin müxtəlif yerlərində müəyyən mövqeyə malik ixtisaslı kadr kimi çalışırlar. Bu gün də tələbələrimiz qazandıqları bilik və təcrübə sayəsində mütəxəssis kimi formalaşırlar.
Sonra Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış edərək bir neçə gün bundan öncə Sumqayıt Dövlət Universiteti QS-in Avropa Universitetlərinin Reytinqində yüksək nəticə əldə etdiyini və ölkənin regional ali təhsil müəssisələri arasında ilk QS Beynəlxalq Reytinqinə daxil olan universitet olduğunu diqqətə çatdırdı.
Prorektor onu da qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində mütəmadi olaraq məzunlarla görüşlər, tədbirlər təşkil olunur. Məzunların işlə təmin olunması, onların məşğulluq səviyyələrinin artırılması istiqamətində dəstək göstərilir. Bununla yanaşı, uğurlu məzunlarımız uğurlu hekayələrini tələbələrimizlə bölüşürlər.
Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək rəhbərlik etdiyi fakültənin son illərdəki fəaliyyəti, uğurları barədə məlumat verdi, tələbələrə yaradılan şəraitdən danışdı. Bildirdi ki, Riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə 2024/2025-ci tədris ilindən başlayaraq SABAH bakalavr qruplarına qəbul aparılacaq, həmçinin ingilis dilində riyaziyyat müəllimliyi ixtisasının tədrisinə başlanılacaqdır.
Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova çıxış edərək dərs dediyi məzunlarla bağlı xoş xatirələrini bölüşdü. Belə görüşlərin davamlı olmasını arzuladı.
Daha sonra məzunlar dərs keçdikləri auditoriyalara yenidən daxil olaraq partalar arxasında əyləşib, xoş xatirələrini bölüşdülər və doğma təhsil ocağı ilə əməkdaşlığın onlar üçün də önəmli olduğunu vurğuladılar.
Çay süfrəsi arxasında davam edən görüşdə məzunlar öz fəaliyyətləri barədə geniş məlumat verdilər və SDU-nun uğurlarını hər zaman izlədiklərini bildirdilər. Görüşün təşkilinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.
Görüşün sonunda xatirə şəkilləri çəkildi.
Qeyd edək ki, hər il ənənəvi olaraq iyul ayının ilk həftəsi Məzunlarla görüş gününə həsr olunacaq. İlk olaraq Riyaziyyat fakültəsi ilə başlanan görüş qarşıdakı günlərdə digər fakültələr üzrə də təşkil olunacaq.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az