Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi Şurasının cari tədris ilində yekun iclası keçirildi
SDU-nun Elmi Şurasının cari tədris ilində yekun iclası keçirildi

 İyulun 11-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın 2023-2024-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə genişləndirilmiş iclası keçirildi.
Universitetin rektoru dosent Rüfət Əzizov şura üzvlərini salamladı və gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən öncə bir qrup əməkdaşı- dosent Sabir Xəlilovu, baş müəllim Nofəl Əhmədovu, Faiq Şirinovu və Şahmar Abdullayevi uzun illər səmərəli fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif etdi.
Sonra rektor SDU-nun QS - Avropa Universitetlərinin Reytinqində qərarlaşması ilə əlaqədar universitetin bütün əməkdaşlarını təbrik edərək qeyd etdi ki: Belə qısa müddətdə uğurlu nəticəyə nail olunması çox böyük zəhmətin və fədakarlığın nəticəsidir. Avropanın 6000 universitetindən 684 universitet QS-Reytinqində qərarlaşıb. Universitetimiz Avropa universitetləri arasında 483-cü pillədədir. Qərbi Asiyada 31-ci, Azərbaycan universitetləri arasında 5-ci yerdə qərarlaşıb. SDU ölkəmizdən QS Reytinqlərinə daxil olan ilk regional universitetdir. Ümumiyyətlə, QS Reytinqinə Azərbaycandan 9 universitet daxil olmuşdur. Bu çox böyük nailiyyətdir, amma biz bundan sonra da daha ciddi və səmərəli fəaliyyət göstərməliyik ki, daima irəli gedək”.
Rektor QS - Beynəlxalq Reytinqlə bağlı işlərin aparılmasında Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslıya, hesabatların dəqiqliklə yoxlanılması və hazırlanmasında Layihələrin idarə olunması şöbəsinin müdiri Həbibə Nəzirovaya, həmçinin SDU ilə işəgötürənlər arasında sıx əlaqələrin yaradılmasında və məzunlar haqqında məlumatların dəqiqləşdirilməsində və toplanmasında səmərəli fəaliyyətinə görə Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyovaya, Faiq Şirinova, Tədris Metodik Mərkəzinin direktoru dosent Osman Hacıyevə, dosent Sabir Xəlilova, Magistratura, doktorantura və elm şöbəsinin müdiri dosent Samir Orucova, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilova və onun komandasına təşəkkür etdi. Sonra gündəlikdə olan məsələlərin müzakirəsi aparıldı.
QS - Beynəlxalq Reytinqlərində SDU-nun qərarlaşması barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslı çıxış edərək bildirdi ki, bu uğurun qazanılmasında professor-müəllim heyətinin və əməkdaşların əzmkarlığı, zəhməti və səmərəli fəaliyyəti dayanır. Onların sayəsində qısa müddətdə universitetimiz akademik mühitdə, cəmiyyətdə və işəgötürənlər arasında nüfuz qazanmış və QS Reytinqində qərarlaşmışdır.
İclasda Beynəlxalq Reytinqlər ilə bağlı işlərin aparılmasında, hesabatların dəqiqliklə yoxlanılıb hazırlanmasında, eləcə də dəqiqləşdirilib toplanmasında SDU kollektivinin səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.
2023/2024-cü tədris ilinin yaz semestrinin bakalavriat və magistratura səviyyələri üzrə imtahan sessiyasının və magistr dissertasiyalarının müdafiəsinin nəticələri barədə Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayev çıxış edərək bildirdi ki, imtahanlar 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında SDU üzrə müvafiq əmrə uyğun olaraq keçirilmişdir. İmtahan sessiyası dövründə İmtahan qərargahı və Apellyasiya komissiyası fəaliyyət göstərmişdir. İmtahan sessiyası dövründə universitet rəhbərliyinin nümayəndələri tərəfindən imtahanların mütəmadi izlənilməsi imtahan sessiyasının mütəşəkkil keçirilməsini şərtləndirmişdir.
SDU əməkdaşlarının dosent vəzifələrinə keçirilmələrinə dair Tələblər və elmi məqalələrə görə mükafatlandırmanın mexanizmi barədə Magistratura, doktorantura və elm şöbəsinin müdiri dosent Samir Orucov məlumat verdi. Bildirdi ki, dosent vəzifəsinə keçirilməyə dair Tələblər və elmi məqaləyə görə mükafatlandırma SDU-nun professor-müəllim heyətinin əməyinin səmərəliliyinin yüksəldilməsinə və stimullaşdırılmasına, həmçinin universitetin reytinqinin yüksəldilməsinə yönəlmişdir.
Sonra SDU əməkdaşlarının dosent vəzifələrinə keçirilmələrinə dair Tələblər və “Elmi məqaləyə görə mükafatlandırma mexanizmi” təsdiq edildi.
Universitetdaxili intizam qaydalarına riayət olunması barədə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış etdi. Qeyd etdi ki, universitetdaxili intizam qaydalarının daim diqqət mərkəzində saxlanılması və riayət edilməsi SDU-nun bütün əməkdaşlarına tapşırılıb və fakültə dekanları, kafedra müdirləri və digər struktur rəhbərləri tərəfindən daim nəzarətdə saxlanılır.
Müxtəlif məsələlərin müzakirəsində Elmi katib professor Muxtar Səmədov “SDU-da köçürülən, bərpa olunan, 2-ci ali təhsil alan, təcrübə mübadiləsində iştirak edən tələbələrin əvvəlki təhsilinin və kreditlərinin tanınması ilə bağlı fakültələr üzrə ekvivalentlik (fənlərin uyğunlaşdırılması) komissiyalarının formalaşdırılması və fəaliyyət mexanizmi” barədə məlumat verdi.
2024 - 2025-ci tədris ilində “SDU-ya 500 və daha yüksək balla qəbul olan tələbələrin universitet tərəfindən əlavə 200 AZN təqaüdlə təmin olunması Qaydaları” təsdiq edildi. Həmçinin ailə vəziyyətinə görə tələbələrin təhsilinin müvəqqəti dayandırılması (akademik məzuniyyətin verilməsi) barədə məlumat verildi.
Kadrlar şöbəsinin strukturunda dəyişikliklər, eləcə də Coğrafiya və onun tədrisi metodikası kafedrasının ləğv edilməsi barədə məlumat verildi. Daha sonra Kadrlar şöbəsinin adı dəyişdirilərək İnsan kapitalının idarə edilməsi mərkəzi, Tarix və onun tədrisi metodikası kafedrasının adı dəyişdirilərək Tarix, coğrafiya və metodika kafedrası adlandırılması qərara alındı.
Qeyd olundu ki, nəşr hüququ verilməsi üçün Elmi Şuraya ümumilikdə 9 tədris vəsaiti, onlardan 1 dərs vəsaiti, 1 metodik vəsait və 7 fənn proqramı daxil olub.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi və Elmi Şuranın genişləndirilmiş iclası öz işini başa çatdırdı.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az