Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ikinci ixtisas üzrə təkrar ali təhsil almaq istəyən müraciətçilərlə görüş təşkil edilib
SDU-da ikinci ixtisas üzrə təkrar ali təhsil almaq istəyən müraciətçilərlə görüş təşkil edilib

9 iyul 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin rəhbərliyi və müvafiq struktur təmsilçiləri ikinci ixtisas üzrə ali təhsil almaq üçün universitetə müraciət edib müsabiqəyə qatılmaq istəyən şəxslərlə görüşüblər.
Görüşdə çıxış edən universitetin rektoru dosent Rüfət Əzizov iştirakçıları salamladı, ölkəmizin iqtisadi həyatında gedən inkişaf prosesləri və Azərbaycan Respublikasının regional logistika mərkəzinə çevrilməsi çərçivəsində təkrar ali təhsil almaq istəyinin təbii olduğunu bildirərək müsabiqədən keçib SDU-da təkrar ali təhsil almaq istəyənlərə yüksək səviyyədə tədrisin təqdim olunacağını şərtləndirən amillər barədə danışdı. Çoxprofilli ali təhsil müəssisəsinin Təbiət elmləri, Riyaziyyat, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Tarix və coğrafiya, Filologiya kimi fakültələrində aktual ixtisaslara yiyələnməyin mümkünlüyünü qeyd etdi.
Son bir il ərzində ali təhsil müəssisəsində keyfiyyət dəyişikliyinin təminatı üçün universitetdə aparılan islahatların dayanıqlı nəticələrinin verdiyi optimal qənaəti bölüşən rektor bu sahədə əldə edilən ilk uğurlardan danışdı. Yeni tədris ilində tədrisi ingilis dilində aparılacaq müxtəlif ixtisasların öyrədilməsini, fənlərin məzmunca yenilənməsi istiqamətində həyata keçirilən fəaliyyətin nəticələri barədə görüş iştirakçılarına geniş məlumat verdi. Bu kontekstdə çıxışını davam etdirən universitet rektoru aparılan islahatların ilkin nəticəsi olaraq yeni tədris ilində ali təhsil müəssisəsində SABAH qruplarının həm bakalavriat, həm də magistratura səviyyələrində tədrisinin həyata keçiriləcəyini vurğuladı.
Yeni tədris ilindən Azərbaycanda da uzun müddətdir tədris olunan, tələbələr arasında xüsusi populyarlığa sahib MBA proqramlarının SDU-ya ayaq açacağını vurğulayan Rüfət Əzizov bu proqramlar üzrə məzunların dövlət və özəl sektorda potensiallarını göstərə bildiyini qeyd etdi.
Tədris Metodik Mərkəzinin direktoru Osman Hacıyev son bir ildə SDU-nun əmək bazarında mövqeyinin güclənməsini bu istiqamətdə universitetdə aparılan məqsədyönlü islahatların nəticələrindən danışdı. Təkrar ali təhsil almaq üçün müsabiqədə iştirak edəcək şəxslərin onları maraqlandıran suallara bu iş üzrə ayrılmış əməkdaşlardan məlumat ala biləcəkləri bildirildi. Daha sonra mərkəz direktoru iştirakçıların müxtəlif məzmunlu suallarını cavablandırdı.

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az